“Azərbaycan xalqına hər zaman belə cəsarətli qalmağı arzulayıram – Yalnız irəli” – Adel İbrahim

  • May 1, 2021 23:59
  • Eurasia Diary Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə eksklüziv müsahibəni təqdim edir.

    – Cənab səfir, xahiş edirəm deyəsiz, Azərbaycanla Misir arasında iqtisadi əməkdaşlıq hansı səviyyədədir?

    Adel İbrahim: Hazırda deyərdim ki, işlər elə də qənaətbəxş deyil. Və bu, ölkələr arasında demək olar ki, bütün fəaliyyət sahələrini, əməkdaşlığa və münasibətlərə təsir edən koronavirus pandemiyası ilə birbaşa əlaqəlidir. Ancaq yaxşı xəbər də var. Misir şirkətlərinin azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında şəxsən iştirak etməsinə qərar verilib. Və bu, ölkələrimiz arasında səmərəli əməkdaşlığın ən yaxşı göstəricisi olacaq.

    – Bu çətin dövrdə hansı layihələri həyata keçirmisiniz? Pandemiya ilə bağlı və gələcək üçün planlarınız nələrdir?

     

    Adel İbrahim: Bəzi layihələr var ki, onları ən qısa zamanda həyata keçirmək istəyirəm. Məsələn: Bakı ilə Şarm əl-Şeyx arasında uçuşları bərpa etmək. Bu məsələni hələ sentyabr ayında həll etmək istəyirdik, ancaq o zaman pandemiya səbəbindən ciddi məhdudiyyətlər qoyuldu. Mart ayında yenidən müraciət etdik və indi Bakıdan Şarm əl-Şeyxə həftədə iki dəfə uçuş həyata keçirməyi planlaşdırırıq. Ümid edirəm ki, uçuşlar bərpa olunduğu 1 iyun tarixində azərbaycanlı turistləri qəbul etməyə başlayacağıq.

     

    – Gəlin bir az da təhsil haqqında  danışaq, məsələn, azərbaycanlı tələbələr üçün hər hansı bir proqram varmı və Misirdə neçə tələbəmiz var?

     

    Adel İbrahim: Qeyd etmək istərdim ki, ölkələrimiz arasında mədəniyyət və təhsil sahəsində həmişə uğurlu mübadilə olmuşdur. Bu gün əminliklə deyə bilərəm ki, hər il təqribən 30-40 tələbə təqaüdlə təhsilini davam etdirmək üçün Misirə gəlir. Ümid edirik ki, bu səviyyəni nəinki qoruyacaq, həm də artıracağıq. Yaxın gələcəkdə tanınmış beynəlxalq universitetlər Misirdə filiallarını açmağı planlaşdırırlar ki, bu da azərbaycanlı tələbələrin Misirdə əlverişli qiymətə keyfiyyətli təhsil alması üçün sərfəli olacaq. Biz həmişə olduğu kimi onları məmnuniyyətlə qəbul edəcəyik.

     

    Azərbaycan xalqına arzularınız.

     

    Adel İbrahim: Azərbaycan xalqına, azad edilmiş ərazilərin bərpasında uğurlar diləyirəm və onları irəliyə getməyə və cəsarətli qalmağa çağırıram.

     

    Xalq böyük cəsarət və dayanıqlıq nümayiş etdirdi və düşünürəm ki, bu, Azərbaycan xalqının birliyi üçün bir sınaq idi və pandemiyaya, məhdudiyyətlərə qarşı necə möhkəm mübarizə apardıqlarını və hər zaman ciddi nizam-intizama riayət etdiklərini çox yüksək qiymətləndirirəm.

     

    Ümid edirəm ki, bu yaya qədər həyat normallaşacaq və hamımız Azərbaycanda və dünyada bu pandemiyanın sonunu qeyd edəcəyik. Bu mənim Azərbaycan xalqına qısa, lakin çox səmimi mesajımdır.

     

    Cəmilə Çebotareva

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir