RespublikaTV

Qarabağ Azərbaycandır!

“Bərabər Şuşaya gedəcəyik” – Prezident

  • Dekabr 10, 2020 22:11
  • “Bu gün biz, eyni zamanda, gələcəyə baxarkən azad edilmiş torpaqların bərpası ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq və əminəm ki, bizim türk qardaşlarımızın yardımı ilə buna biz nail olacağıq. Bu gün artıq konkret layihələr – avtomobil və dəmir yolları, infrastruktur layihələri haqqında danışdıq. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər və bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək!”

    RespublikaTv.Com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında Qarabağda həyata keçiriləcək layihələrdən danışarkən bildirib.

    Dövlət başçısı deyib: “Mən bir daha Azərbaycan xalqı adından, öz adımdan qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək gördük, həmrəylik gördük”.

    Prezident İlham Əliyev qeyd edib ki, Cümhurbaşqanı başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, ictimai fəallar, media mənsubları bizə dəstək verdilər. Türkiyənin media nümayəndələri öz həyatını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırdılar və məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu. “Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza öz salamlarımı çatdırıram və dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir”.

    Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlə deyib: “Bir daha əziz qardaşım, xoş gəlmisiniz. Doğma vətəninizə xoş gəlmisiniz. Sizi biz ürəkdən sevirik. Azərbaycan xalqı Sizə bu gün öz sevgisini küçələrdə göstəribdir. Biz danışdıq ki, Şuşa şəhərinə yeni avtomobil yolu, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu inşa ediləndən sonra bərabər, inşallah, Şuşa şəhərinə gedəcəyik”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir