Niyazi Bayramov şəhid ailəsini ziyarət edib – FOTO

  • Dekabr 8, 2020 10:05
  • Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Quliyev Hüseyn Həsən oğlunun ailəsini ziyarət edib. Şəhidin atası Həsən Quliyevin müraciəti əsasında onunla görüşən şəhər rəhbəri, Azərbaycanın suverenliyi uğrunda şəhid olan Hüseyn Quliyevə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib. 

    Qeyd edib ki, onların övladı ali bir amal – Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. 

    Niyazi Bayramov Həsən Quliyev və ailənin digər üzvlərini narahat edən məsələlərlə maraqlanıb. Onların müraciət və istəklərini dinləyən şəhər rəhbəri Həsən Quliyevin müalicəsi üçün lazım olan bütün tədbirlərin görülməsi üçün aidiyyatı üzrə tapşırıqlar verib. Bununla yanaşı şəhid bacılarının işlə təminat məsələsi də yerindəcə öz həllini tapıb. 

    Həsən Quliyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə edib. O, həmçinin şəhidin məzarüstünün hazırlanması və yas mərasimin təşkili üçün Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinə də minnətdarlığını bildirib. 

    Qeyd edək ki, 21 yaşlı Quliyev Hüseyn Həsən oğlu 3 oktyabr tarixində Kəlbəcər istiqamətində gedən döyüşlərdə raket zərbəsi nəticəsində şəhid olub.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir