“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”

  • Noyabr 8, 2020 13:57
  • “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm”. 

    Respublikatv.Com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. 

    Dövlət başçısı bir daha bəyan edib ki, şəhidlərimizin qanı yerdə qalmır: 

    “Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

    Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

    Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir