ABŞ rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq etdi

  • İyul 22, 2020 18:09
  • [ad_1]

    Bakı. Trend:

    Ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Sözügedən proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb. Qeyd edilən düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə, 17 iyul tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin (Committee on Rules) iclası keçirilib.

    “Ermənilər 1992-ci ildəki kimi, Azərbaycana qarşı sanksiya qərarını qəbul etdirməyə çalışsalar da, məqsədlərinə nail ola bilmədilər. Ermənistanın ikili oyun oynamaq siyasəti ABŞ Konqresində iflasa uğradı. Rəsmi İrəvan bir tərəfdən Rusiyanın arxasında gizlənib Azərbaycana zərbələr endirmək, hətta Avropaya açılan neft-qaz kəmərlərini belə hədəfə almaq istəyirdi, həm də bölgədə böyük maraqları olan ABŞ-dan maliyyə qopartmaq niyyətindəydi. Lakin arzusu daşa dəydi. İlk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edildi. Bu, işğalçı Ermənistana qarşı ilk ciddi sanksiya kimi də qəbul oluna bilər”.

    Millət vəkili Tamam Cəfərova Trend-ə açıqlamasında belə deyib.

    O bildirib ki, Konqresin Nümayəndələr Palatasında qəbul olunmuş çox önəmli bir düzəliş var. Bu düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şabot və Stiv Kohendir. “Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə Katibliyi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən (296 saylı düzəliş) gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. Söhbət işğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. Bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. İlk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlər qəbul edildi və ABŞ rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiq etdi. Konqresin Nümayəndələr Palatası tərəfindən Stiv Cohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş də qəbul olunub. 99 saylı düzəlişdə əsas məqsəd Rusiyanın hərbi bazası olan Ermənistana Konqresdə əlavə təzyiqlərin yaradılmasıdır.

    Erməni lobbisinin səylərinə baxmayaraq, Azərbaycan əleyhinə ”daşnak”lar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısı qətiyyətlə alınıb. Beləki, Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Bred Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Cəki Spiir tərəfindən “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı (məlum olduğu kimi, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olmuş və bu düzəliş irəli sürülmüşdü) düzəlişlər qəbul edilməyib. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də, Daşnak partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. Ermənilərə bu işdə ermənipərəst mövqeyi ilə seçilən Qaydalar haqqında Komitənin sədrinin dəstək göstərməməsi də ermənilər arasında əlavə gərginlik və narazılıq yaradıb.

    Millət vəkili Konqresdə vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsilə bağlı bəzi məqamlara toxunub. Artıq Konqres Dövlət Departamenti, ABŞ-ın müxtəlif qurumları tərəfindən bölgədə baş verən hadisələr, Ermənistanın bölgədə oynadığı pozucu və təhlükəli rolu barədə geniş məlumatlandırılıb. Onlar başa düşürlər ki, ərazisində Rusiyanın hərbi bazaları olan və sərhədləri Rusiya tərəfindən müdafiə edilən, eyni zamanda hərbi sahədə çox təhlükəli, uzun müddətə nəzərdə tutulmuş ikili sazişlərə malik olan yeganə ölkə Ermənistandır. Rusiyanın bu forpostu bölgədə həm ABŞ, həm də NATO maraqlarına qarşı mübarizənin platsdarmına, cəbhəxanasına çevrilib. Ermənistan ikili oyun oynayır. Artıq Rusiyanın forpostu rolunu oynayan ölkə ABŞ-dan hər hansı maliyyə yardımına göz dikə bilməz. Bu işğalçı Ermənistana qarşı çox ciddi sanksiyadır.

    “Zənnimcə, Azərbaycana maliyyə yardımının göstərilməsinin davam etdirilməsi barədə qərarın qəbul edilməsi həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından, həm də Amerika-Azərbaycan münasibətləri baxımından əhəmiyyətə malikdir” – deyə, Tamam Cəfərova vurğulayıb:

    “Bu uğurlar bizi arxayınlaşdırmamalıdır. Heç şübhəsiz, erməni lobbisi yatmayacaq və növbəti cəhdlərini edəcəklər. Çünki qarşıda Senatdakı müzakirələr var. Odur ki, Azərbaycan diasporu, xarici siyasət idarəsi daha əzmlə çalışmalı olacaq”.

    [ad_2]

    Source link

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir