Biz Mübariz kimi Polad olmalıyıq!

  • İyul 26, 2020 20:30
  • Raqif Allahverdi
    Raqif Allahverdi

    Biz Mübariz kimi Polad olmalıyıq!

    Dəyərli dostlar, yaşadığın cəmiyyətdə baş verən proseslər barəsində öz fikirlərini yazmaq, bunu ifadə etmək özü bir mədəniyyətdir. Düzdür, çox zaman yazma prosesində bəzi fikirlərimizi bəyənməyib pozuruq. Bəlkə də pozduqlarımız həmin yazıların içərisində ən əhəmiyyətli və vacib fikirlər olmuşdur. Çox maraqlıdır ki. həyatda da belədir. Yuxarıdan aşağı baxdığımız, önəmsəmədiyimiz, bəyənmədiyimiz insanlar bəzi hallarda bizim xilaskarımız, qəhrəmanlarımız olurlar.  Bu baxımdan biz artıq heç bir təmənna gözləmədən bir-birimizə dəyər vermək imkanlarına sahiblənməliyik. Özüdə bunu kimsə bizə hədiyyə etməyəcək. Hətta heç bir xarici ölkədən də “idxal” olunmayacaq.

               Həyat yolu qısa olsa da lakin ona doğru gedən yol uzundur

     İlkin mərhələdə buna yalnız və yalnız özümüzü dərk edərək, ictimai məşhurluq sevdasından imtina edərək özümümzü tanımağa başlamaqla nail ola bilərik. Daha sonra məqsədimizi formalaşdırmalıyıq. Məqsədimiz bizim kimliyimizdir. Kimliyimizi var edən həyat çox qısa olsa da lakin ona doğru gedən yol uzundur. Demək ki, biz bu yolu şərəfli etmək üçün çalışmalıyıq.

           Qorxaqlıq kölgəsi, itirmək qorxusu səni daim izləyəcəkdir

    Çox xahiş edirəm, hər şeyi iqtisadi göstəricilər və maddi imkanlar üzərindən təhlil edərək ruh düşgünlüyünə əsla qapanmayaq. Çünki sənin ruhun əzgindirsə, fədakarlığa dayanan məqsədin və məramın yoxdursa ən böyük maddi sərvətə sahib olsanda belə sən özünü cəsarətli və güclü hesab edə bilmərsən… Qorxaqlıq kölgəsi, itirmək qorxusu səni daim izləyəcəkdir.

                      Gələcək xeyirxahlıq ruhunu daşıyanlarındır

    Bir məsələnində xüsusilə vurğulayaraq qeyd etmək istərdim ki, gələcək gənclərin əlində deyil, gələcək xeyirxahlıq ruhunu daşıyanlarındır. Bunu, pafoslu demirəm, əminliklə söyləyirəm. Eyni zamanda xeyirxahlıqla xeyriyyəçiliyi eyniləşdirmək olmaz. İnsanın maddi imkanının məhdud olması onun xeyirxah niyyətinə və mənəvi zənginliyə heç vəchlə kölgə sala bilməz. Həmçinin xeyirxahlıq artıq nəcib sosial akt kimi təbliğ olunmamalıdır. Xeyriyyəçilik sahib olduğu 10 paydan 1 pay verməkdirsə, xeyirxahlıq özündən pay verməkdir. Xeyirxahlıq mərdlik, qəhrəmanlıq simvoludur.

    Diqqət etsək görərik ki, dünyanın bütün xilaskarlarının, qəhrəmanlarının ruhunda və məqsədin də xeyirxahlıq vardır. Odur ki, biz xeyirxahlığa söykənən prinsiplər üzərindən tək özümüz üçün yox çevrəmizin qorunması naminə xöşməramlı ideoloji xətt üçün vahid məqsədlə yaşamağa səy göstərməliyik. Hər kəs çevrəsində olan imkanlarnı və potensialını dəyərləndirərək xeyirxahlıq dəyərləri üçün öz məqsədini elə özü formalaşdırmalıdır. Biz özümüz üçün yox yanımızda olanların ayaqda qalması üçün var olmalıyıq. O cümlədən uşaqlarımızın təlim –tərbiyəsi də vacib məsələdir. Bu baxımdan uşaqlarımızın milli uşaqlıq qəhrəmanları olmalıdır ki, onlarda böyüyəndə əsl qəhrəman kimi olsunlar.

    Güclü olmaq üçün bizim üçün ilk düstur Mübariz kimi cəsarətli vətənpərvər, Polad kimi dövlətin dayaqlarına sadiq qəhrəman olmaqdır.

    Raqif Allahverdi

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir