İlk dəfə parlamentin zalında Prezidentin xalqa müraciəti yayımlanıb

  • Noyabr 20, 2020 16:23
  • “Noyabrın 10-da imzalanan bəyanat bütün regional ölkələr və bir çox dövlətlər tərəfindən dəstəklənib və alqışlanıb. Lakin çox təəssüflər olsun ki, bu bəyanatdan narahat olan qüvvələr də var və onlar prosesin müsbət məcrada davam etməsinə maneçilik törətmək istəyirlər. Bu qüvvələr sırasında Fransanın bəzi siyasi dairələri də var və bu münaqişəyə münasibətdə onların ortaya qoyduğu mövqe heç də qəbuledilən deyil”.

    Respublikatv.Com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə çıxışı zamanı deyib. Fransa rəhbərliyinin qeyri-obyektiv mövqe sərgilədiyini söyləyən S.Qafarova qeyd edib ki, bu ölkədəki siyasi dairələr ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz torpaqlarını işğaldan azad etməsinə münasibətdə düşünürəm ki, qərəzli yanaşma ortaya qoyub: “Bir müddət öncə isə Fransa Senatında təmsil olunan 5 ən böyük siyasi fraksiyanın liderləri tərəfindən Senatda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürülmüşdür. Bundan öncə cari ilin oktyabr ayında Fransa Parlamentinin aşağı Palatasında bənzər qətnamə irəli sürülmüşdür. Hətta bəzi fransız parlamentarilər hərbi əməliyyatların aktiv mərhələsində qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, cinayətkar xunta rejimi ilə həmrəylik nümayiş etdirib”.

    Spiker sadalanan faktlara istinad edərək bildirib ki, Fransanın siyasi rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik prinsiplərini pozaraq açıq şəkildə qərəzli mövqe ortaya qoyub: “Belə anlaşılır ki, bu ölkənin bəzi siyasi dairələri tərəfindən atılan addımlar və hərəkətlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlib. Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktına uyğun müəyyən edilmiş öhdəlikləri ilə də ziddiyyət təşkil edir və Fransanın neytrallığına, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə vasitəçilik mandatına kölgə salır”.Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə ilk dəfə olaraq parlamentin iclas zalında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti yayımlanıb.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir