Kontakt Home şəhid əməkdaşının övladını öz himayəsinə götürdü

  • Oktyabr 22, 2020 12:07
  • Kontakt Home şəhid əməkdaşının övladını öz himayəsinə götürdü

    Kontakt Home mağazalar şəbəkəsi Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əməkdaşı Aslan Rzayevin 1 yaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə 4 illik təhsil haqqını öz üzərinə götürür.

    Bundan başqa, Kontakt Home rəhbərliyi əməkdaşları ilə birlikdə şəhidin ailəsinə birdəfəlik maddi yardım ayırıb.

    “Əməkdaşımız Aslan Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Hər zaman öz mədəniyyəti, səmimiyyəti ilə seçilən əməkdaşımızın itkisi xəbəri hər birimizi dərindən sarsıdıb. Məkanı cənnət olsun! Allah doğmalarına səbir versin! İndi onun 1 yaşlı qız övladı əmanət qalıb. Kontakt Home rəhbərliyi və kollektivi olaraq bildirmək istərdik ki, şəhidimizin, onun ailəsinin yanındayıq və əlimizdən gələn dəstəyi hər zaman etməyə hazırıq. Tək arzumuz odur ki, Vətənimiz artıq şəhid verməsin, igid hərbçilərimiz də ən qısa zamanda sağ-salamat öz doğmalarının yanına qələbə xəbərilə qayıtsın” deyə Kontakt Home mağazalar şəbəkəsinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.

    Xatırladaq ki, Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şəbəkə döyüşlərdə yaralanan hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat vəsait köçürüb. Bundan başqa, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış əməkdaşların ailəsinə ümumilikdə 50 000 manat məbləğində birdəfəlik yardım həyata keçirib.

    Şəbəkə həmçinin hazırki döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir, hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir