Məmurlardan bezən vətəndaş Mehriban Əliyevanı evinə qonaq çağırdı

  • Sentyabr 23, 2020 16:12
  • Xanım Mehriban Əliyeva, 09.09.2020 tarixində yarımtikili evimin tamamlanması ilə bağlı sizə ünvanladığım açıq məktubun mətbuatda paylaşılmasından sonra Suraxanı rayon icra hakimiyyətinin əməkdaşları – sosial, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdürü cənab Fikrət Namət oğlu Məmmədov, onun müavini Azad Məzahir oğlu Əzizov mənlə əlaqə saxladılar. İcra əməkdaşlarını evimə göndərərək, vəziyyətlə maraqlandılar. Evimin şəkilləri çəkildi, həqiqətən qış üçün şəraitsiz vəziyyətdə olduğunu gördülər. 17.09.2020 tarixində cənab Fikrət Məmmədovun qəbulunda oldum və Fikrət Məmmədov mənə məsələ üzrə araşdırılma aparıldığını, mənə məlumat veriləcəyini bildirdi. Bu gün – 21.09.2020 tarixində Azad Əzizovla telefon danışığı zamanı icra hakimiyyətinin buna büdcəsi olmadığını dedi və əllərindən heç nə gəlmədiyini bildirdi. Mənə sadəcə evimə qaz çəkilməsi ilə bağlı ərazi qaz idarəsinə və icra nümayəndəliyinə məktub göndərəcəklərini dedilər. Evimin təmiri o halda deyil ki, təkcə qaz yandırmaqla isinsin. İcra hakimiyyəti evimlə bağla əllərindən heç nə gəlməyəcəyini bildirir.

    Əziz birinci xanım, payız düşüb, hal-hazırda qış belə deyil, amma mənim uşaqlarım evdə üşüyür. Azad Əzizov mənə gedib qohumlarımın evində qalmağımı məsləhət görür. Amma özü axşam evdən çıxdıqdan sonra isti və şəraitli evinə gedir.. Budurmu vətəndaşa göstərilən qayğı?

    Mehriban xanım, qışı necə, hansı şəraitdə keçirəcəyimi düşünəndə uşaqlarıma görə qanım donur. Qızım artıq soyuqdan öskürür.. Mənim oğlum 12 ildən sonra əsgər gedib xalqa xidmət göstərməyə borclu olan icra əməkdaşlarının övladını, ailəsini, özünü qoruyacaq. O zaman mənim bu günkü günümü fikirləşib, heç vicdanları sızıldamayacaq?

    Əziz Mehriban xanım, sizi və cənab prezidentimiz İlham Əliyevi son vaxtlar göstərdiyiniz səmimiyyətlə vətəndaşların evinə tez tez qonaq olduğunuzu bilərək və buna arxalanaraq evimə qonaq dəvət edirəm. Mənim gözüm üstündə yeriniz var. Şəxsən sizin və cənab prezidentimizin gəlib evimin vəziyyətini görməyinizi istəyirəm. Xahiş edirəm, evimi şərəfləndirib, bizə qonaq gəlin, vəziyyətlə şəxsən tanış olun.

    Hörmətlə Suraxanı rayon Hövsankənd, M.Ş.Vazeh küç, ev 1140 sakini Babayeva İnci Həsən qızı..

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir