Milli Məclisin Gənclər və idman komitəsi ilə Təhsil Nazirliyi “Vətənpərvər məktəblilər” layihəsinə başlayıb

  • Sentyabr 15, 2020 22:05
  • Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Ulu öndər Heydər Əliyevin “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun” şüarı əsas götürülərək vətənpərvərlik layihəsi məktəbdən başlamalıdır. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə söylədiyi fikirlər rəhbər tutularaq məcburi köçkün məktəblərində “Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin Gənclər və idman komitəsinin Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Vətənpərvər məktəblilər” pilot layihəsinə ilk olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində müvəqqəti yerləşən və məcburi köçkün məktəbi olan Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbindən başlanılıb.

    Layihə çərçivəsində Milli Məclisin Gənclər və idman komitəsi “Elmi araşdırmalar” İctimai Birliyi” ilə birlikdə Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbində təhsil alan 210-dan çox məktəbliyə üzərində Azərbaycan Respublikasının dövlət bayrağı həkk olunmuş, işğal edilmiş rayonumuzun adı yazılmış yay və qış geyim forması, vətənpərvərlik rəmzləri təqdim edilib.

    Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbində təhsil alan şagirdlərə müəyyən olunmuş dərs vaxtlarına riayət etməklə vətənpərvərliklə bağlı zəruri biliklərin, o cümlədən hər bir azərbaycanlının yüksək vətənpərvərlik duyğuları ilə yaşamaq, Vətənin hər birimizin müqəddəs səcdəgahı, pənah yeri olaraq ona ilahi bir sevgi ilə bağlanmaq kimi fikirlərin aşılanması nəzərdə tutulub.

    Təsadüfi deyil ki, Hovuslu kənd tam orta məktəbinin 210-dan çox şagirdi, valideynlər və müəllimlər belə mühüm layihənin həyata keçirilməsini razılıqla qarşılayıblar.

    Layihə çərçivəsində təhsilalanlarla tez-tez görüşlərin keçirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması ilə yanaşı, informasiya resurslarından səmərəli istifadə edilməsinin, ölkəmizin ziyalıları ilə mütəmadi görüşlərin təşkilinin, şagirdlərin oxumağa və xarici dil biliklərinin artırılmasına təşviqi nəzərdə tutulur.

    Bütün təhsilalanları, müəllimləri və valideynləri 15 sentyabr – Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik edən Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib ki, mövcud pandemiya şəraitinin təhsil sistemində də çətinliklər yaratmasına baxmayaraq, ölkəmiz distant təhsilə qısa müddət ərzində inteqrasiya edib. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində aparılan sistemli islahatların ana xəttini insan kapitalının formalaşdırılması təşkil edir.

    Ölkə gənclərinin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyalarına sadiq olması, gənc nəslin təhsilli və vətənpərvər ruhda yetişdirilməsi, milli-mənəvi dəyərlərə uyğun tərbiyə edilməsi günün tələbidir. Layihənin həyata keçirilməsi üçün məcburi köçkün məktəblərinin seçilməsində əsas məqsədlərdən biri işğal altındakı ərazilərimiz, torpaqlarımızın müdafiəsi zamanı şəhid olan qəhrəmanlarımız barədə gənc nəslə daha geniş məlumatların verməkdir.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir