Azıx mağarası da işğal müddətində erməni saxtakarlığından kənarda qala bilməyib – Mütəxəssis

  • Mart 28, 2021 13:50

  • İşğal dövründə Azərbaycanın həm xristian, həm də islam mədəniyyəti irsinə qarşı vandallıq edən ermənilər yaxın günlərdə daha bir riyakarlıq edərək guya azərbaycanlıların Cəbrayıl rayonunda erməni tarixi irsinə aid kilsəni dağıtdıqları barədə car çəkirlər. Halbuki, Cəbrayılda heç bir zaman ermənilər yaşamayıb və müvafiq olaraq orada erməni tarixinin izləri də yoxdur.

    RespublikaTV Trend-in məlumatına görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli belə deyib. Onun sözlərinə görə, əslində, söhbət işğal dövründə, işğalçı erməni hərbçilərinin dini əməllərinin icrası üçün 2017-ci ildə istifadəyə verilmiş yeni binadan gedir: “Ermənilər belə hesab edirlər ki, yüzlərlə kəndlərimizi, şəhərlərimizi viran qoyub özləri üçün kilsə inşa edib bunu tarixi abidə elan edə bilərlər və onların məntiqinə görə bu normal bir haldır. Bu son hadisələr bir daha sübut edir ki, “erməni” adlı xəstəliyin ən yaxşı müalicəsi Azərbaycan əsgərinin zərbələridir. Buna görə də bu xəstəliyin 44 günlük “müalicə kursunu” təlimlərlə tez-tez təkrarlamaq və “reseptini” daima təkmilləşdirmək lazımdır”.

    N.Müseyibli əlavə edib ki, dünyaca məşhur Azıx mağarası da işğal müddətində erməni saxtakarlığından kənarda qala bilməmişdi. Azərbaycanda ən qədim insan düşərgəsi olan bu abidədə ermənilər digər ölkələrin alimlərini də cəlb etməklə beynəlxalq qanunlara zidd arxeoloji qazıntılar aparmışlar: “Azıx mağarasının önündə çıxış edən dövlət başçısı bildirmişdir ki, bu mağaranı azərbaycanlı alim Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılıb. Cənab Prezident qeyd etmişdir ki, Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparıb və vurğulayıb ki, bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar.

    Yaşı milyon ildən artıq olan Azıx mağara düşərgəsi insanlıq tarixinin ən qədim mərhələlərinin ardıcıllığını əks etdirən yeganə abidədir. Ocaqların (700 min il əvvəl), tikili qalığının (350-400 min il əvvəl) aşkar edildiyi Azıx mağarası bu göstəriciləri ilə dünyada cəmi bir neçə ən qədim abidələrdən biridir. Ümumiyyətlə, Azıx mağarası dünya arxeologiya elmində müstəsna əhəmiyyətə malik abidələrdəndir.

    Azıx mağarasını aşkar etmiş və orada 20 ildən artıq intensiv tədqiqatlar aparmış, adını cənab Prezidentin xüsusilə vurğuladığı professor Məmmədəli Hüseynovun (1922-1994) 2022-ci ilin aprel ayında anadan olmasının 100 ili tamam olacaqdır. Bu görkəmli alimin yubileyinin beynəlxalq elmi konfrans keçirməklə qeyd edilməsi növbəti ildə əsas elmi tədbirlərdən biri olmalıdır. Bunun üçün indidən hazırlıq işlərinə başlanılmalı, təşkilat komitəsi (və ya işçi qrup) yaradılmalıdır. Bu konfransda xarici ölkələrin Paleolit (qədim daş) dövrü tədqiqatçılarının sanballı nümayəndələrinin iştirakı təmin edilməlidir. Konfrans çərçivəsində iştirakçıların Azıx mağarasına səfərinin təşkil edilməsi olduqca vacibdir. Əlbəttə, bu nadir abidə elmin müasir tələbləri əsasında yenidən tədqiq edilməlidir. Bu konfransın təşkili Azıx mağarasının tədqiqatları ilə bağlı cənab Prezidentin çağırışlarının həyata keçirilməsi istiqamətində ilk addımlardan biri ola bilər”.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir