Partiya funksioneri xalqı təmkinli olmağa çağırdı: “Yetər ki, əmr olsun!”

  • İyul 15, 2020 20:18
  • “Hərbidən məlumatlı olaraq bu gün çox əminliklə deyə bilərəm ki, Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir. Yetər ki, əmr olsun!”

    Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Hamidli cəbhə xəttində baş verənlərə geniş münasibət bildirib.

    Aslan Hamidli

    O, xalqı təmkinli olmağa, təxribatlara uymamağa çağırıb:

    12 iyul gecəsi cəbhədə baş verənləri təhlil etdikdə bu qənaətə gəlinir: Azərbaycan Ordusunun düşmənə cavabı kifayət qədər korrekt, operativ və adekvat idi!

    Sosial şəbəkələrdə, yerli və xarici mediada yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeylərinə güclü zərbələr endirmiş, nəticədə düşmənin çox saylı texnikası və canlı qüvvəsi məhv edilib. Belə demək mümkünsə düşmən ordumuz tərəfindən layiqli cavabını alıb. İlin günün bu vaxtında dünyanın Covid-19 adlı gözə görünməz bir bəla ilə savaşdığı bir vaxtda fürsətçil və məkrli erməni xarakteri özünü bir daha dünyaya göstərməkdədir. Hər anı fürsət bilən işğalçı Ermənistan bu dəfə də öz xislətinə sadiq qaldı. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, eyni zamanda Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərarın qəbul edilməsi erməni lobbisini və Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat etməyə başlamışdır. Məhz bu səbəbdən də hazırda müxtəlif tipli ağılsız təxribatlara gedilməkdədir.

    Bu gün bütün bunlara paralel olaraq nəzərə almaq lazımdır ki, Ermənistanda mövcud olan Paşinyan rejimi xalqının etimadını sürətlə itirməkdədir. Bu səbəbdən də hazırda Ermənistanda dərin siyasi böhran yaşanmaqdadır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salmışdır. Azərbaycanla sərhəddə yaşanan təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.

    Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifətini tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni bu formada aradan qaldırmaq mümkün olacaqdır.

    Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı bir nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Hesab edirəm ki, Paşinyan bu utopik yanaşmasını kənara qoysa yaxşı olar.

    Azərbaycan ordusunun uğurlu gedişi qarşısında rəzil duruma düşmüş Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində hazırda ciddi narazılıq doğurmaqdadır. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər.

    Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Paşinyan isə öz erməni ənənəsinə sadiq qalaraq yalan danışmağa və Ermənistan ictimai rəyini öz xeyrinə dəyişməyə çalışır. Amma dərk etmir ki, yalan ayaq tutar amma yeriməz. Xüsusilə də erməni yalanı…

    İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bütün bunlar bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin çox şükürlər ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Hesab edirəm ki, arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Hesab edirəm ki, hər kəs dövlətinə sığınmalı, dövlətinə güvənməli və dövlətinin verəcəyi qərarların icrasına hazır olmalıdır.

    Hərbidən məlumatlı olaraq bu gün çox əminliklə deyə bilərəm ki, Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir. Yetər ki, əmr olsun!

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir